Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Milli Qurtuluşdan Zəfərə” mövzusunda açıq dərs təşkil olunub

09.06.2026

İyunun 8-də Lerik rayon Heydər Əliyev Mərkəzi və Ə. Rzayev adına Orand kənd tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan Zəfərə” mövzusunda açıq dərs keçirilib. Tədbirdə məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər. Əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətindən, ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi və inkişafı istiqamətində göstərdiyi misilsiz xidmətlərdən bəhs edən qısametrajlı film nümayiş olunub. Daha sonra məktəbin direktoru Babək Rəhimov və mərkəzin əməkdaşı Bahar Mürsəliyeva çıxış edərək Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi olduğunu bildiriblər. Qeyd olunub ki, bu tarixi hadisə ölkəmizin müstəqilliyinin qorunmasında, ictimai-siyasi sabitliyin bərqərar edilməsində və dövlətçiliyin möhkəmləndirilməsində müstəsna rol oynayıb. Çıxışlarda vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası nəticəsində Azərbaycan güclü və nüfuzlu dövlətə çevrilib. Bildirilib ki, bu siyasi kurs cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizə mühüm uğurlar və tarixi nailiyyətlər qazandırıb. Tədbirdə həmçinin qeyd edilib ki, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Milli Qurtuluşdan başlanan inkişaf, tərəqqi və güclənmə yolunun məntiqi nəticəsidir. Açıq dərs şagirdlərin mövzu ilə bağlı fikir mübadiləsi aparması və onları Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti barədə daha ətraflı məlumatlandırmaqla başa çatıb.