09.06.2026
Masallı Tarix-Diyarşünaslıq Muzeyində “İnsan hüquqları aylığı” çərçivəsində uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə “Xoşbəxt uşaqlıq hər bir uşağın hüququdur” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər. Muzeyin əməkdaşı Heyran Lələyeva uşaqlara onların hüquq və vəzifələri, eləcə də təhsil almaq, istirahət etmək, sağlam və təhlükəsiz mühitdə yaşamaq hüquqları barədə ətraflı məlumat verib. Bildirilib ki, uşaqların hüquqlarının qorunması cəmiyyətin əsas vəzifələrindən biridir. Görüş zamanı mövzu ətrafında fikir mübadiləsi aparılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb. Tədbir uşaqlarda hüquqi biliklərin artırılması və onların maarifləndirilməsi baxımından əhəmiyyətli olub. Sonda şagirdlər muzey və qalereya ilə tanış olaraq ekskursiyada iştirak ediblər. Ekskursiya zamanı onlara bölgənin zəngin tarixi, maddi-mədəni irsi, qədim məişət nümunələri və tarixi eksponatlar haqqında ətraflı məlumat verilib. Şagirdlər nümayiş olunan eksponatlarla yaxından tanış olub, milli-mədəni dəyərlərimiz barədə biliklərini daha da zənginləşdiriblər.