09.06.2026
İyunun 9-da Masallı rayon ümumtəhsil məktəblərinin şagirdləri üçün 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Masallı rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. Ekskursiyanın məqsədi məktəbliləri Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyət yolu, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü mühüm işlər, eləcə də Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti barədə məlumatlandırmaq olub. Şagirdlərə ekspozisiya zalında nümayiş etdirilən fotoşəkillər, sənədlər və digər eksponatlar haqqında ətraflı məlumat verilib. Ardınca mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçılara Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki yeri barədə geniş izah verilib. Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva çıxışında Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində mühüm mərhələ olduğunu vurğulayaraq, bu cür ekskursiya və maarifləndirici tədbirlərin gənc nəslin tarixi biliklərinin artırılmasında xüsusi əhəmiyyət daşıdığını qeyd edib.