04.06.2026
Masallı rayon Mərkəzi Kitabxanasına Masallı şəhəri S. Tağıyev adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin 2-ci sinif şagirdləri üçün ekskursiya təşkil edilib. Ekskursiyanın məqsədi uşaqların kitabxana ilə yaxından tanış olmalarını, onlarda mütaliəyə marağın artırılmasını və çap resurslarından istifadə imkanları barədə məlumatlandırılmalarını təmin edib. Tədbir zamanı Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri Zamin Məmmədov çıxış edərək kitabın uşaqların dünyagörüşünün formalaşmasında, bilik və bacarıqlarının inkişafında mühüm rol oynadığını vurğulayıb. Daha sonra kitabxana əməkdaşları tərəfindən şagirdlərə kitabxananın fəaliyyəti, kitab fondu və oxuculara göstərilən xidmətlər barədə ətraflı məlumat verilib. Balaca oxucular kitabxananın müxtəlif şöbələri ilə tanış olub, kitabxanadan istifadə qaydaları haqqında məlumat əldə edib. Həmçinin uşaqlar üçün maraqlı nağıl saatı təşkil olunub. Səsləndirilən nağıllar şagirdlər tərəfindən böyük maraqla qarşılanıb, tədbir onların yaddaşında xoş təəssüratlar yaradıb. Belə ekskursiyalar uşaqların erkən yaşlardan kitab və mütaliəyə marağının formalaşdırılmasına, kitabxana ilə əlaqələrinin möhkəmləndirilməsinə və informasiya resurslarından səmərəli istifadəyə təşviq olunmalarına xidmət edib.