02.06.2026
Mayın 31-də Masallı rayon Heydər Əliyev Mərkəzi və Lənkəran Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün “Möcüzəli kitabın sirri” tamaşası Masallı rayon Heydər Əliyev Mərkəzində nümayiş olunub. Tədbirdə rayonun müxtəlif ümumtəhsil məktəblərinin şagirdləri, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Uşaqların mənəvi-estetik tərbiyəsinə, onların asudə vaxtlarının səmərəli təşkilinə xidmət edən tamaşa balaca tamaşaçılar tərəfindən böyük maraq və sevinc hissi ilə qarşılanıb.
“Möcüzəli kitabın sirri” tamaşası uşaqları sehrli bir kitabın ətrafında cərəyan edən maraqlı hadisələrə və macəralarla zəngin nağıl dünyasına aparıb. Tamaşada dostluq, xeyirxahlıq, elmə və kitaba sevgi, dürüstlük və birlik kimi dəyərlər bədii şəkildə təbliğ olunub. Peşəkar aktyor oyunu, rəngarəng səhnə tərtibatı, musiqi nömrələri və maraqlı süjet xətti uşaqların diqqətini tamaşa boyu cəlb edib. Tədbirin sonunda uşaqlar aktyorlarla görüşərək xatirə şəkilləri çəkdirib, tamaşa haqqında təəssüratlarını bölüşüblər. Balaca tamaşaçılar nümayiş etdirilən səhnə əsərindən böyük zövq aldıqlarını ifadə edərək təşkilatçılara minnətdarlıqlarını bildiriblər.