19.05.2026
Mayın 18-də Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Fuad Əzizov, həmçinin rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları, şagirdlər, eləcə də tarixçi-araşdırmaçı müəllimlər iştirak ediblər. Çıxış edənlər Beynəlxalq Muzeylər Gününün əhəmiyyətindən bəhs edərək bildiriblər ki, hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Bu günün əsas məqsədi xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına töhfə verməkdir. Qeyd olunub ki, süni intellekt və müasir texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə muzeylərin rəqəmsallaşdırılması mühüm əhəmiyyət daşıyır. Bildirilib ki, qabaqcıl texnologiyaların tətbiqi vasitəsilə milli mədəniyyətimizi və tariximizi daha geniş auditoriyaya təqdim etmək, onu dünyada tanıtmaq mümkündür. Eyni zamanda, tarixçi-araşdırmaçı müəllim Elşad Əmənov tərəfindən muzeyə 48 ədəd eksponat hədiyyə olunub. Sonda muzeydə müəllim və şagirdlər üçün ekskursiya təşkil edilib.