16.05.2026
Masallıda “Erkən nikahın fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib
Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə “Erkən nikahın fəsadları: milli-mənəvi irsin qorunmasında ailənin rolu” mövzusunda tədbir keçirilib. Tədbir Gənclər Evində təşkil olunub. Maarifləndirici görüşdə təşkilatçı müəssisələrin əməkdaşları, Masallı Rayon İcra Hakimiyyəti Aparatının nümayəndəsi, Masallı rayon Mərkəzi Xəstəxanasının işçiləri, eləcə də tələbələr iştirak ediblər. Tədbirdə çıxış edənlər ailənin cəmiyyətin əsas dəyərlərindən biri olduğunu vurğulayaraq, milli-mənəvi irsin qorunmasında ailənin mühüm rol oynadığını bildiriblər. Qeyd olunub ki, ailədə sağlam münasibətlər, düzgün tərbiyə və maarifləndirmə gələcək nəsillərin formalaşmasında vacib əhəmiyyət daşıyır. Çıxışlarda valideynlərin övladlarının təhsilinə və inkişafına dəstək göstərməsinin vacibliyi, erkən nikahların isə gənclərin gələcək həyatına və cəmiyyətin inkişafına mənfi təsirləri diqqətə çatdırılıb. Sonda mütəxəssislər mövzu ilə bağlı tövsiyələr verib, tələbələri maraqlandıran suallar cavablandırılıb.