16.05.2026
Mayın 15-də Yardımlı Rayon İcra Hakimiyyəti və Yardımlı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Beynəlxalq Ailə Günü münasibətilə “Ulu Öndər Heydər Əliyev və ailə dəyərləri” mövzusunda tədbir keçirilib. Tədbirdə təşkilatçı qurumların nümayəndələri, həmçinin Yardımlı şəhər 1 nömrəli tam orta məktəbin və Qabaqdibi kənd tam orta məktəbinin müəllim və şagird kollektivləri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər ailənin cəmiyyətin əsas sütunu olduğunu vurğulayaraq, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında ailə institutunun mühüm rolundan bəhs ediblər. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan ailəsinin milli-mənəvi dəyərlər əsasında formalaşmasına, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına daim xüsusi diqqət yetirib. Çıxışlarda ölkəmizdə ailə dəyərlərinin qorunması, ailə institutunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti və görülən işlər barədə də ətraflı məlumat verilib. Sonda mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib.