17.03.2026
Martın 17-də Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı meydanda təşkil olunan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, rayon ziyalıları, ağsaqqallar və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı bölməsinin könüllüləri iştirak ediblər. Əvvəlcə iştirakçılar meydanda təşkil olunmuş Novruz atributları, xalq sənətkarlığı nümunələri, milli mətbəx təamları və müxtəlif sərgilərlə tanış olublar. Bayram proqramı Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin hazırladığı konsert proqramı və Lənkəran Dövlət Dram Teatrının aktyorlarının çıxışları ilə davam edib. Proqramda Bahar qızı, Kosa və Keçəl obrazlarının iştirakı ilə səhnəciklər təqdim olunub. Tədbirin davamında rayon rəhbəri Araz Əhmədov və el ağsaqqalı Dədə Qorqud obrazı ilə birlikdə xeyir-dua verərək, qədim ənənələrimizi və milli-mənəvi dəyərlərimizi yaşadan əziz Novruz bayramı və müqəddəs Ramazan bayramı münasibətilə rayon sakinlərini təbrik ediblər, həmçinin şəhid övladları ilə birlikdə bayram tonqalı alovlandırılıb. Ümumrayon tədbiri sakinlərə xoş əhval-ruhiyyə bəxş edərək, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətli olub.