02.02.2026
Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilatçılığı və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva, Lənkəran Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Ramiz Şəmmədov, Astara Pedaqoji Kollecinin direktoru, professor, şəhid atası Kamran Kazımov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Lənkəran Şəhər Komitəsinin sədri Qürbətəli Zeynalov, Lənkəran regional “ASAN xidmət” mərkəzinin direktoru Əmir Əfəndiyev, Azərbaycan Beynəlxalq Bankının Lənkəran filialının müdiri Rövşən Abbasov, sektor müdirləri, təhsil işçiləri, şagird və valideynlər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər əlamətdar gün münasibətilə gəncləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Bildirilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılmasında mühüm rol oynayır. Müasir dövrdə bilik və bacarıqların artırılması, innovativ yanaşmaların tətbiqi gənclərimiz üçün əsas hədəflərdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində gənclərimiz öz potensiallarını reallaşdırmaq, bilik və bacarıqlarını nümayiş etdirmək və ölkəmizin inkişafına töhfə vermək imkanı əldə edirlər. Tədbir çərçivəsində ümumi təhsilini qızıl nişanla bitirən məzunlar, Respublika Fənn Olimpiadalarının, Məktəblilərarası fənn müsabiqələrinin, Beynəlxalq Elm Olimpiadasının (IJSO 2025), Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin, “Əlaçı” və “Xarıbülbül” bilik yarışmasının, “Ən Yaxşı Təqdimat” müsabiqəsinin, “Qərbi Azərbaycana qayıdış” olimpiadasının, “STEAM Azərbaycan” Festivalının qalibləri, ümumilikdə 150 nəfərdən çox şagird və təhsil işçisi Fəxri Fərman, diplom və medallarla təltif olunublar. Lənkəran şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının və Lənkəran şəhər C.Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin hazırladığı kompozisiyalar tədbir iştirakçılarına əsl bayram əhval-ruhiyyəsi yaşadıb.