08.12.2025
Dekabrın 6-da Mədəniyyət və Təhsil müəssisələrinin əməkdaşları 12 Dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Masallı rayon Heydər Əliyev Mərkəzində ekskursiyada olublar. Ekskursiya zamanı iştirakçılar Mərkəzdə nümayiş etdirilən zəngin ekspozisiya ilə tanış olublar. Burada Heydər Əliyevin həyat yolunu, siyasi fəaliyyətini, dövlətçilik sahəsində gördüyü işləri əks etdirən fotoşəkillər, sənədlər nümayiş olunub. Mərkəzin bələdçisi Şəfa Xəlilova Ulu Öndərin Azərbaycanın inkişafında oynadığı mühüm rol, onun milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində atdığı addımlar barədə ətraflı məlumat verib. Ekskursiya iştirakçıları Mərkəzin fəaliyyəti ilə yaxından tanış olaraq, burada yaradılmış şəraitə və təqdim olunan eksponatlara yüksək qiymət veriblər. Onlar belə maarifləndirici tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynadığını vurğulayıblar.