Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

“Qurtuluşun işığında Azərbaycanın inkişaf yolu” adlı tədbir keçirilib

14.06.2026

İyunun 12-də Yardımlı Rayon İcra Hakimiyyəti və Yardımlı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşun işığında Azərbaycanın inkişaf yolu” adlı tədbir keçirilib. Tədbirdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Miramil Səmədli, eləcə də rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Daha sonra çıxış edənlər Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin qorunması, möhkəmləndirilməsi və ölkənin gələcək inkişafının təmin olunması baxımından müstəsna əhəmiyyət daşıdığını vurğulayıblar. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olunub, dövlət idarəçiliyi gücləndirilib və Azərbaycanın davamlı inkişafının əsası qoyulub. Çıxışlarda bildirilib ki, məhz Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti sayəsində Azərbaycan öz müstəqilliyini qoruyaraq inkişaf və tərəqqi yoluna qədəm qoyub, beynəlxalq aləmdə nüfuzunu daha da artırıb. Həmçinin vurğulanıb ki, Ümummilli Liderin zəngin dövlətçilik irsi bu gün də ölkənin hərtərəfli inkişafında mühüm rol oynayır, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına və milli-mənəvi dəyərlərə bağlı yetişməsinə mühüm töhfə verir. Tədbirin sonunda iştirakçılar Milli Qurtuluş Gününə həsr olunmuş sərgi ilə tanış olublar. Sərgidə Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsini, çoxşaxəli siyasi fəaliyyətini və Azərbaycanın inkişafına verdiyi misilsiz töhfələri əks etdirən fotoşəkillər nümayiş etdirilib.